REGİONLAR


Muxtar respublikaya yeni teplovoz gətirilib

Naxçıvan, 12 iyun, AZƏRTAC

Naxçıvan dəmir yolunda lokomotivlərə olan tələbat nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun tapşırığına əsasən “ÇME 3” seriyalı 6069 saylı yeni manevr teplovozu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası işğalçı ölkə tərəfindən blokadaya salındığı üçün ölkəmizlə qədim diyarın birbaşa dəmir yolu əlaqəsi olmadığına görə daşımalar əsasən avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Yüklərin muxtar respublikaya çatdırılmasında Gürcüstan və Türkiyə üzərindən keçən avtomobil yolundan da geniş istifadə olunur. Yeni teplovoz da xüsusi avtoqoşqular vasitəsilə Gürcüstan və Türkiyə üzərindən keçməklə iyunun 12-də muxtar respublikaya gətirilib.

Teplovozdan dəmir yolunda manevr işlərinin aparılmasında, qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasında, sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında, həmçinin Ordubad-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunacaqdır.

Qeyd edək ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, inzibati və yardımçı binalar əsaslı təmir olunub. Yeni avadanlıqların, maşın və mexanizmlərin, vaqonların alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması yük və sərnişindaşımalarının etibarlılığını təmin edib.

Muxtar respublikada dəmir yol-nəqliyyat kompleksinin yenilənməsi, bu sahənin texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilir. Yeni teplovozun muxtar respublikaya gətirilməsi də görülən işlərin davamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.