ELM VƏ TƏHSİL
Muzey əməkdaşları Əli Rəcəblinin 95 illiyinə həsr olunan beynəlxalq konqresdə məruzə ilə çıxış ediblər
Bakı, 12 may, AZƏRTAC
Türkiyədə Aydın Adnan Menderes Universiteti, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və digər elmi-tədqiqat və təhsil müəssisələrinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan beynəlxalq konqres keçirilib.
Tarix Muzeyindən AZƏRTAC-a bildirilib ki, “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın (Mərkəzi Asiya) coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” adlı tədbirdə on yeddi ölkədən məruzəçilər iştirak edib. Tədbir həm onlayn, həm də canlı formatda təşkil olunub.
Konqresin açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlının adından muzeyin qocaman əməkdaşı, görkəmli numizmat alim Əli Rəcəblinin 95 illiyinə həsr olunmuş konqresin təşkilatçılarına təşəkkürnamə təqdim olunub.
Daha sonra muzeyin əməkdaşları – tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva, Aslan Qasımov, Mircavid Ağalarov canlı formatda, muzeyin digər əməkdaşları- tarix üzrə fəlsəfə doktorları Sevinc Nəsirova, Nasir Quluzadə, Sənubər Qasımova, Aygün Məmmədova, Əli Fərhadov, Laçın Mustafayev və başqaları onlayn formatda müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Məruzələr maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Sonda konqresə onlayn formatda qatılan tarix elmləri doktoru, professor Əli Rəcəbli proqramın təşkilatçılarına təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.