ELM VƏ TƏHSİL
Muzeyin yeni kataloqu nəşr olunub
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin materiallarına həsr edilmiş daha bir kataloq nəşr olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Zoomorf təsvirli şirli qablar” adlanan həmin kataloq muzeyin arxeologiya elmi fond şöbəsində ərsəyə gəlib. Zoomorf təsvirli şirli qablara həsr olunmuş bu kataloqun hazırlanmasını şərtləndirən əsas məqamlardan biri Azərbaycanın orta əsrlər üçün səciyyəvi olan dulusçuluğun, mədəni-ticarət əlaqələrinin, dini-fəlsəfi təsəvvürlərin və bədii-estetik zövqün araşdırılmasında kömək göstərə biləcək əşyavi mənbələri elmi ictimaiyyətə təqdim etməkdir. Kataloqa cəlb edilmiş arxeoloji materialların böyük əksəriyyəti ilk dəfədir təqdim olunur.
Kataloqun ərsəyə gəlməsi üçün muzeyin fondunda mühafizə olunan 229 ədəd zoomorf təsvirli şirli qab və qab parçaları cəlb edilib. Bu nümunələrin əksəriyyəti Azərbaycanın orta əsr yaşayış məskənlərindən – Örənqala (Qədim Beyləqan), Qədim Gəncə, Qəbələ, Bakı (Abşeron) və Şəmkirdən arxeoloji qazıntılar zamanı əldə olunub.
Kataloq Azərbaycan xalqının çoxəsrlik tarixinin, eləcə də zəngin maddi və mənəvi mədəniyyətinin öyrənilməsində alim və mütəxəssislər üçün faydalı olacaq.