“NƏHCUL-BƏLAĞƏ” AZƏRBAYCAN DİLİNDƏ ÇAP OLUNACAQDIR
İran İslam Respublikasının ölkəmizdəki Mədəniyyət Mərkəzi imam Əlinin bəşəriyyətə dəyərli töhfəsi kimi qiymətləndirilən “Nəhcul-bəlağə” (Bəlağətin yolu) əsərini Azərbaycan dilinə tərcümə etdirib rəy üçün respublikamızdakı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, burada kitab diqqətlə oxunmuş, bəzi qeydlər edildikdən sonra onun çapına razılıq verilmişdir.
Əsəri Azərbaycan dilinə Dürdanə Cəfərli, Ağababa Mehdiyev və İran Mədəniyyət Mərkəzinin əməkdaşı Şeyx Adil Mövlayi tərcümə etmişlər. Əsərin əsli həcmcə 1000 səhifədir. Islam aləmində böyük maraqla oxunan bu kitabın dilimizdə indiyədək kamil tərcüməsi olmamışdır.
Aydın və səlis dildə tərcümə edilmiş əsər bu yaxınlarda oxucuların ixtiyarına veriləcəkdir.