DÜNYA
NASA Argentinanın itən sualtı qayığının axtarışına qoşulub
Bakı, 18 noyabr, AZƏRTAC
NASA və ABŞ-ın Hərbi Dəniz Qüvvələri Argentinaya məxsus “San Juan” sualtı qayığının axtarışlarına qoşulub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dizel-elektrik mühərriki ilə işləyən sualtı qayığın axtarışına NASA-nın Antarktidada elmi tədqiqatlar üçün istifadə edilən “P-3 Orion” təyyarəsi cəlb edilib. Təyyarədəki maqnitometr, infraqırmızı kameralar, həmçinin buzun qalınlığını ölçən sensorlarla təchiz olunan avadanlıqlar axtarılan obyekt batıbsa belə, onu havadan aşkarlaya bilir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin “P-8A Poseidon” təyyarəsi də axtarışların aparıldığı rayona yollanıb. Bundan əlavə, Pentaqonun sualtı xilasetmə əməliyyatları üzrə xidməti San-Dieqoda dislokasiya olunan və batan sualtı qayıqları xilas etmək üçün nəzərdə tutulan “Submarine Rescue Diving and Recompression System” (SRDRS) sualtı aparatını insidentin baş verdiyi Uşuaya şəhəri rayonuna göndərməyə hazırlaşır.
“San-Juan” sualtı qayığı ötən çərşənbə günü Argentina Hərbi Dəniz Qüvvələrinin “Uşuaya” bazasından daimi dislokasiya olunduğu “Mar-del-Plata” bazasına üzən zaman onunla əlaqə kəsilib. Qayığın göyərtəsində 44 nəfərin olduğu bildirilir.