İDMAN
NATO “AVRO-2004”-ÜN VƏ AFİNA OLİMPİADASININ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ ÜÇÜN ELEKTRON KƏŞFİYYAT TƏYYARƏLƏRİ AYIRIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, NATO Şurası Portuqaliyada Avropa futbol çempionatının və Afinada Olimpiya oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün AVAKS tipli elektron kəşfiyyat təyyarələri ayrılması haqqında qərarı təsdiqləmişdir.
Alyansın nümayəndəsi bildirmişdir ki, bu mötəbər idman yarışlarının keçirildiyi dövrdə Portuqaliya və Yunanıstanın, habelə onlara bitişik bölgələrin hava məkanına ciddi nəzarət etmək üçün həmin ərazidə hər gün NATO-nun kəşfiyyat təyyarəsi olacaqdır. Bununla yanaşı, əlavə hərbi qüvvələr və vasitələr ayrılması, o cümlədən NATO hərbi gəmilərinin Yunanıstanın sahilyanı zonasında keşik çəkməsi, əlavə zenit kompleksləri yerləşdirilməsi və kəşfiyyat məlumatı mübadiləsi aparılması barədə Afinanın NATO-ya müraciətinə də baxılır.