MƏDƏNİYYƏT
NAXÇIVANDA ƏMƏKDAR RƏSSAM CAVİD İSMAYILOVUN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Naxçıvan, 7 may (AZƏRTAC). Mayın 7-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda muxtar respublikanın əməkdar rəssamı Cavid İsmayılovun ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş fərdi sərgisi açılmışdır. Sərgidə rəssamın 50 əsəri nümayiş etdirilir.
Sərgidə nümayiş etdirilən əsərlərin sırasında ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş portretlər xüsusi yer tutur. Ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın birgə portretləri Naxçıvanın yaz mənzərələrinin fonunda təsvir edilmişdir. Ümummilli liderimizə həsr olunan “Böyük quruculuğun memarı” adlı portret peşəkar şəkildə işlənmişdir.
Tədbir iştirakçıları rəssamın əsərlərinin əks olunduğu videomateriala baxmışlar.
Sərgiyə gəlmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada gənc rəssamların yetişdiyini bildirərək demişdir: Bəhruz Kəngərli ilə başlanan Naxçıvan rəssamlıq məktəbinin davam etdirilməsi ilə yanaşı, onu daha zənginləşdirmək, dünyaya tanıtmaq lazımdır. Naxçıvan torpaq üzərində olan bir əsərdir. Onun gözəlliklərini, təbiətini, tarixi abidələrini dünyaya tanıtmaq üçün böyük imkanlar vardır. Sərgidə nümayiş etdirilən əsərləri qısa müddət ərzində internet vasitəsilə dünyaya yaymaq mümkündür. Bunlar ölkənin mədəniyyət göstəriciləridir. Sənət o ölkələrdə inkişaf edir ki, orada siyasi sabitlik, iqtisadi inkişaf, mədəni quruculuq, dövlət başçısının bu sahəyə diqqət və qayğısı olsun. Bütün bunların Azərbaycanda mövcudluğu mədəniyyətin, sənətkarlığın inkişafına imkan verir. Yaradılmış şəraitdən düzgün istifadə edərək belə əsərlər yaratmaq, ölkəmizi tanıtmaq lazımdır. Sərgidə nümayiş etdirilən əsərlər ölkəmizin, yetişən gənc nəsil isə Azərbaycanın sabahının göstəricisidir. Sevindirici haldır ki, ölkəmizdə belə istedadlı gənclik yetişir. Həmin gənclər gələcəkdə Azərbaycanı təmsil edəcəklər. Bu əsərlər belə qənaətə gəlməyə əsas verir ki, gənc rəssam Cavid İsmayılov qısa müddət ərzində rəssamlığın üç janrını - natürmort, mənzərə və portret janrını mənimsəmişdir. Bu, eyni zamanda Naxçıvan Dövlət Universitetinin nailiyyətidir. Cavid İsmayılov Naxçıvan Dövlət Universitetinin yetirməsidir, bu gün də orada fəaliyyət göstərir.
Ali Məclisin sədri rəssamlara, sənət adamlarına bundan sonra da dövlət qayğısı göstəriləcəyini bildirmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli rəssamın yaradıcılığından, muxtar respublikada gənc rəssamların yetişdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Cavid İsmayılov gənc rəssamlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
######