MƏDƏNİYYƏT
“NAXÇIVAN ENSİKLOPEDİYASI”NIN TƏQDİMAT MƏRASİMİ
Fevralın 21-də Azərbaycan MEA-nın Rəyasət heyətinin iclas salonunda ölkəmizin ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisə olan “Naxçıvan ensiklopediyası”nın təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan MEA-nın prezidenti, “Naxçıvan ensiklopediyası”nın Elmi redaksiya şurasının sədri akademik Mahmud Kərimov mərasimi açaraq dedi ki, ictimaiyyətə təqdim edilən “Naxçıvan ensiklopediyası” 10 cildlik Azərbaycan ensiklopediyasından sonra respublikada işıq üzü görən ilk fundamental ensiklopediyadır. Bu nəşr Azərbaycan Prezidenti Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən, Milli Elmlər Akademiyasının Rəyasət heyəti nəzdində yaradılmış “Naxçıvan ensiklopediyası” qurumu tərəfindən hazırlanmış və İstanbulda yüksək poliqrafiq səviyyədə nəfis şəkildə çap edilmişdir.
Elmi redaksiya şurasının sədri bildirdi ki, “Naxçıvan ensiklopediyası” ən qədim dövrlərdən əzəli Azərbaycan torpağı olan Naxçıvan diyarının tarixindən, təbiətindən, görkəmli şəxsiyyətlərindən bəhs edən universal elmi nəşrdir. Bu qədim diyarın yetirməsi, xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev haqqında irihəcmli və zəngin illüstrasiyalı məqalə diqqəti cəlb edir. Burada Muxtar Respublikaya həsr olunmuş kompleks məqalədən əlavə, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilmişdir. Ensiklopediyada Naxçıvan MR ərazisindəki arxeoloji abidələrdən, qədim və orta əsr dövlətlərindən bəhs olunur, bu diyarın nəinki Azərbaycan, həm də bütün Yaxın Şərq sivilizasiyasının beşiyi olduğu təsdiq edilir. Muxtar respublikada elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənətin inkişafı, habelə iqtisadi-coğrafi rayonları, mühüm sənaye və kənd təsərrüfatı müəssisələri haqqında məqalələr diyarın bugünkü iqtisadi-mədəni durumu, inkişaf potensialı və perspektivləri barədə tam təsəvvür yaradır.
Akademik M.Kərimov xatırlatdı ki, ensiklopediyada 3 minə yaxın məqalə, 18 rəngli xəritə, çoxlu rəngli illüstrasiya materialı verilmişdir.
Dünya və Azərbaycan ensiklopedik ədəbiyyat nəşri təcrübəsi əsasında yaradılmış nəşrin materiallarının hazırlanmasında ölkəmizin, o cümlədən Naxçıvanın görkəmli alim və mütəxəssisləri yaxından iştirak etmişlər.
MEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Ağamusa Axundov, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Bakı Dövlət Universitetinin rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov, Naxçıvan Dövlət Universitetinin rektoru, MEA-nın müxbir üzvü İsa Həbibbəyli, MEA-nın Naxçıvan bölməsinin sədri, tarix elmləri doktoru İsmayıl Hacıyev, əməkdar elm xadimi, professor Səfəralı Babayev, nəşrin redaktoru, Elmi redaksiya şurası sədrinin müavini, akademik Cəmil Quliyev təqdimat mərasimində çıxış edərək, “Naxçıvan ensiklopediyası”nın nəşrinin son dərəcə mühüm ictimai-siyasi əhəmiyyətindən, Azərbaycana, o cümlədən qədim Azərbaycan torpağı olan bu ulu diyara qarşı ərazi iddiaları irəli sürən namərd qonşularımız ermənilərə tutarlı elmi cavab olmasından, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Naxçıvan ensiklopediyası”nın nəşrinə daim diqqət və qayğı göstərməsindən, ensiklopediyanı rus dilinə və digər dillərə tərcümə etmək və onun elektron internet variantını hazırlamaqla dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyindən danışdılar.