MƏDƏNİYYƏT
“NAZİM HİKMƏT GƏNCƏDƏ”
Azərnəşr yazıçı Altay Məmmədovun “Nazim Hikmət Gəncədə” kitabını çapdan buraxmışdır. Nazim Hikmət yaradıcılığının respublikamızda tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru Aqşin Babayevin “ Bu dünyaya gəlməyə dəyərdi...” sərlövhəli yazısı ilə açılan bu kitab Altay müəllimin böyük şair haqqında xatirələrindən ibarətdir.
Nazim Hikmətin 1957 və 1958-ci illərdə qədim Gəncəyə səfərləri zamanı şairlə unudulmaz görüşlərin təəssüratının qələmə alındığı bu kitab, əslində, xatirələr deyil, A.Babayevin haqlı olaraq vurğuladığı kimi, sənədli povest, memuar ədəbiyyatının gözəl nümunəsidir.
Bövük bir sevgi ilə yazılmız kitabı vərəqləyərkən böyük şairin həyatının çoxlarına məlum olmayan məqamları, bənzərsiz şəxsiyyəti, Azərbaycana, xalqımıza, onun tarixinə, ədəbiyyatına məhəbbəti göz önündə canlanır. Eyni zamanda türk ədəbiyyatının, xüsusən Nazim Hikmət yaradıcılığının görkəmli tədqiqatçısı, şairin bəlkə də ən yaxın dostu və sirdaşı mərhum Əkbər Babayev haqqında maraqlı xatirələrlə tanış oluruq.
Bu il Nazim Hikmətin anadan olmasının 100 illiyidir və bu yubiley YUNESKO-nun qərarı ilə bütün dünyada geniş qeyd edilir. Altay Məmmədovun yenicə çapdan çıxmış kitabı da yubileyə kiçik olsa da, layiqli töhfədir. Müəllif türk dünyasının qüdrətli şairinə sonsuz məhəbbətini və ehtiramını bu sözlərlə tamamlayır: “Təkcə Nazim Hikmətlə görüşmək, tanış olmaq, səsini eşitmək, söhbətini dinləmək üçün də bu dünyaya gəlməyə dəyərdi”.