SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Nazirlər Kabinetinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görkəmli dövlət xadimi Heydər Əliyevin İrana rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişaf etdiyini vurğulayan qonaq, möhtərəm Prezidentin tezliklə müayinə və müalicəsini uğurla başa çatdıraraq Vətənə dönməsini arzuladı. Daha sonra o, yüksək vəzifəyə təyin olunması münasibətilə səmimi təbriklərini və xoş arzularını Baş nazir İlham Əliyevə çatdırmağı xahiş etdi.
Masud Karbasian respublikamızın iqtisadi inkişaf, maliyyə, vergi nazirliklərində keçirdiyi görüşlər barədə məlumat verdikdən sonra, Dövlət Gömrük Komitəsində mal və sərnişin daşımaları sahəsində dövlətlərarası gömrük qaydalarının tənzimlənməsi, qaçaqmalçılığa qarşı mübarizə, tibbi təhlükəsizliyin təmin edilməsi, qanun pozuntularının aradan qaldırılması istiqamətində əlaqələrin uzlaşdırılması baxımından səmərəli danışıqlar apardıqlarını qeyd etdi. Sonda iranlı qonaq səfərin yüksək səviyyədə təşkil olunmasına görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirərək, Bakı görüşlərinin ikitərəfli faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səmərəli nəticələr verəcəyinə inandığını söylədi.
Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələri yüksək dəyərləndirən Baş nazirin birinci müavini Artur Rasizadə qarşılıqlı iqtisadi maraqları qorumaq və əlaqələri daha da inkişaf etdirmək üçün gömrük orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. Sonra o, gömrük-keçid məntəqələrində işgüzar münasibətlərin lazımi səviyyədə qurulması üçün hüquqi bazanın təkmilləşdirilməsinin zəruriliyini qeyd edərək, bu istiqamətdə hər iki respublikanın gömrük orqanlarının apardığı işi müsbət qiymətləndirdi. Artur Rasizadə bildirdi ki, gömrük siyasətinə dair hökumətlərarası sazişlərin icrasını təmin etmək, bu sahədə qarşıya çıxan məsələlərin həllinə nail olmaq üçün görüşlərin və təcrübə mübadilələrinin mütəmadi davam etdirilməsi zəruridir.
Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi oldu.
Qəbulda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov və İranın ölkəmizdəki səfiri Əhəd Qəzai iştirak edirdilər.