REGİONLAR
NDU-da Beynəlxalq Muzey Günü qeyd edilib
Naxçıvan, 18 may, AZƏRTAC
Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini yüksək qiymətləndirən Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb.
NDU-nun Televiziya, Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri universitetin Tarix-filologiya fakültəsində 18 May - Muzeylər Gününə həsr edilmiş onlayn tədbirdə çıxış edən fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov deyib.
Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri Məmməd Əliyev diqqətə çatdırıb ki, ilk milli muzeyin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başlayıb. Vurğulanıb ki, Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda və Gəmiqayada qayalar üzərindəki təsvirlər sübut edir.
Bildirilib ki, muxtar respublikanın bütün rayonlarında Tarix-Diyarşünaslıq muzeyləri açılıb, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılıb. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir.
Sonda kafedranın müəllimi Zemfira Seyidovanın muzeylərlə bağlı hazırladığı videoçarxa baxış olub.