REGİONLAR
NDU-da keramika nümunələrindən ibarət sərgi açılıb
Naxçıvan, 1 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ilk dəfə olaraq keramika nümunələrindən ibarət sərgi açılıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərgidə Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı əl işləri nümayiş olunub.
Tədbirdə universitetin rektoru Elbrus İsayev tələbələrin iştirakı ilə keçirilən sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu, müasir dövrdə keramika sənətinə də diqqətin artdığını deyib.
Universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov və Təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev keramika sənətinin tarixindən söz açıb, muxtar respublikada təsviri incəsənət sahəsində yaradılan imkanlardan və bu sahəyə göstərilən qayğıdan danışıblar.
Tələbələr arasında peşəyə marağın artdığını deyən Təsviri incəsənət kafedrasının müdiri, layihə rəhbəri Siddiqə Hacıyeva bildirib ki, tələbələrin cəlb olunduğu yaradıcı fəaliyyətdə hazırlanan əl işləri bu sənətin inkişafına töhfədir. Həmin əl işləri çox gözəl hədiyyə nümunələridir.
Sərgiyə gələnlərə hər bir eksponatın simvolik mənası, sənətkarlıq dəyəri izah edilib. 40-a yaxın keramika nümunəsinin nümayiş olunduğu sərgidə keramikadan hazırlanan boşqablar və digər fiqurlar üzərində bədii boyakarlıq nümunələri öz əksini tapıb. Qədim boyakarlıq üslubu olan miniatürlər, Naxçıvan ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələr, “Naxçıvan Dövlət Universitetinin 55 illiyi”nə həsr olunan universitet binaları, qədim toy adət-ənənələrimizin əks olunduğu keramika nümunələri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəsm əsərləri və başqa eksponatlar sərgidə nümayiş etdirilib.
Sonda əl işləri nümayiş olunan tələbələrə diplomlar verilib.