REGİONLAR
NDU-nun müəllimi beynəlxalq konfransda iştirak edib
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə Türkiyənin İstanbul şəhərində yerləşən MEF Universitetinin onlayn təşkil etdiyi IV Beynəlxalq Tələbə Konfransında iştirak edib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransın fəxri qonağı kimi çıxış edən Aidə Cəlilzadə “Naxçıvan Dövlət Universitetinin müasir tədris strategiyası” mövzusunda məruzə söyləyib. Məruzədə ali təhsil ocağında müasir tədris üsulları, mövcud fakültələr, universitetin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, NDU-nun dünyanın ali təhsil müəssisələri ilə əlaqələrində qardaş Türkiyə universitetlərinin xüsusi yeri var.
Qeyd edək ki, beynəlxalq konfransda 6 ölkənin professor-müəllim heyəti, magistri və tələbələri iştirak ediblər. İki gün davam edən konfransda müəllim və tələbələrin sualları cavablandırılıb.