İQTİSADİYYAT
NOYABR AYINDA BBVB-NİN VALYUTA BÖLMƏSİNDƏ HƏRRACLARIN HƏCMİ 45 FAİZ ARTMIŞDIR
Bakı Banklararası Valyuta Birjası valyuta bölməsində hərracların yekunlarına görə, 2004-cü ilin noyabr ayında sərbəst dönərli valyuta birja bazarının aparıcı operatorları olan bankların siyahısını müəyyən etmişdir.
BBVB-nin informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümumi ticarət dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq surətdə birja valyuta bazarının liderləri olan banklarının siyahısına Azərbaycan Beynəlxalq Bankı, “Əmrahbank” Kommersiya Bankı, “Azəriqazbank” Səhmdar-İnvestisiya Bankı, “Azərbaycan İş Bankası” Tikinti-Kommersiya Bankı və “Respublika” Səhmdar-Kommersiya Bankı daxildir.
2004-cü ilin noyabrında BBVB-nin ABŞ dolları üzrə hərraclarında ümumən 24 bank iştirak etmişdir. Ötən ay ərzində 20 ticarət sessiyası keçirilmiş və 181 əqd bağlanmışdır. Noyabrda birjanın valyuta bölməsində ABŞ dolları ilə hərracların ümumi həcmi 272 milyard 750 milyon manat, yaxud 55,634 milyon dollar təşkil etmişdir. Əvvəlki ayla müqayisədə hesabat ayında hərracların həcmi 45 faiz artmışdır.
Qeyd etmək lazımdır ki, AZM-nin ABŞ dollarına münasibətdə orta hesablanmış məzənnəsi noyabrda 1 USD üçün 4902,59 manat təşkil etmişdir, halbuki bu ilin oktyabrında həmin rəqəm 4906,13 manat idi.