DÜNYA
“NSU işi” Bundestaqı da qarışdırdı
Berlin, 4 iyul, AZƏRTAC
Almaniyada səkkiz türk və bir yunanı qətlə yetirən neonasistlərin işi üzrə məhkəmə prosesi parlamentin “NSU işi”nə dair iki komissiyasına daxil olan deputatlarda bir çox suallar doğurub. AZƏRTAC xəbər verir ki, komissiyalardan birinə rəhbərlik edən Klemens Binninqer (Xristian-Demokrat İttifaqı) NSU terrorçu qrupunda yalnız üç nəfərin - Tsşepe, Mundlos, Byönxardtın olduğuna şübhə ilə yanaşdığını bildirib.
Hazırda parlament üzvü olmayan və keçmişdə polis təhsili almış Binninqer bu üçlükdən iki nəfərin heç bir iz buraxmadan bütün cinayətləri törətməsi fikrinə şübhə ilə yanaşıb, habelə Almaniyanın müxtəlif şəhərlərində cinayət yerinin və qurbanların seçilməsində kimin həlledici olması barədə sualları ictimaiyyətlə bölüşüb.
Bu iş üzrə bir çox məsələlər qaranlıq qalsa da, Binninqer ümidvar olduğunu bildirib ki, sözügedən proses Almaniyanın hüquqi dövlət olmasını şübhə altına salmayacaq. Vəkil Antoniya fon der Berens isə istintaqın gedişində irqçilik əlamətlərinin olduğuna işarə edib. Onun sözlərinə görə, təhqiqatçıların həlak olanların ailələrini narkotik maddələr alverində və mütəşəkkil cinayətkar qruplara mənsub olmaqda şübhəli bilməsi və onlara qarşı nəzakətsiz münasibəti bunun göstəricisidir.
Antoniya fon der Berens hesab edir ki, “NSU işi”nin yekunları müsbət sayıla bilməz və bu məsələdə Konstitusiyanın mühafizəsi üzrə dövlət idarəsinin rolunun müəyyən edilməsi üçün siyasi iradə olmayıb. Onun bu iradı təqsirkarların məsuliyyətə cəlb olunmasında əlindən gələni edəcəyini vəd verən və bununla da qurbanların qohumlarında ədalətin gücünə ümid yaradan kansler Angela Merkelin də ünvanına səslənib. Vəkilin fikrincə, bu ümidlər doğrulmayıb və proses həm hüquqi, həm də siyasi cəhətdən “alt-üst olub”. Dövlətin səhvləri ucbatından heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Lakin bu işin nəticələri də var. Belə ki, Konstitusiyanın Mühafizəsi Federal İdarəsinin rəhbəri olmuş Haynts Fromm 2012-ci ildə istefa verib. Bu, NSU qrupuna aid sənədlər məhv edildikdən sonra baş verib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin