REGİONLAR
Naftalan Ağsaqqallar Şurasının yeni tərkibi seçilib
Naftalan, 22 aprel, AZƏRTAC
Aprelin 21-də Naftalanda şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Mövcud karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirdə ötən bir ildə şuranın gördüyü işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə edilib.
Məruzə və çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən çoxşaxəli işlər vurğulanıb, respublikamızın daha sürətli inkişafında şəhər ağsaqqallarının da üzərinə düşən müəyyən vəzifələr diqqətə çatdırılıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildiriblər.
Konfransda təşkilati məsələlərə baxılıb, Ağsaqqallar Şurasının yeni tərkibi seçilib, şura üzvləri və idarə heyəti formalaşdırılıb. Möhübbət Bədəlov şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib.