REGİONLAR
Naftalan məktəbliləri Rusiya Federasiyasının Stavropol diyarında VİDEO
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycanın Naftalan şəhərinin məktəblilərindən ibarət nümayəndə heyəti Yeni il tətili günlərində Rusiya Federasiyasının Stavropol diyarının Yessentuki şəhərində olub.
AZƏRTAC xəbər verir ki, naftalanlı məktəblilərin Yessentuki Şəhər Administrasiyasının dəvəti ilə reallaşan səfər proqramı zəngin olub. Onlar Yessentuki şəhəri ilə yanaşı, Stavropol diyarının digər turizm yerlərinə də ekskursiya ediblər.
Bu səfər təsadüfi olmayıb. Çünki ötən ilin avqust ayında Stavropol diyarının Yessentuki və Azərbaycanın Naftalan şəhərləri qardaşlaşıblar.
Yessentuki Şəhər Şurasının sədri Lüdmila Yefremova bildirib ki, o, 2014-cü ilin oktyabrında məktəblilərdən ibarət nümayəndə heyəti ilə birlikdə Azərbaycanın Naftalan şəhərinə səfər edib.
L.Yefremova deyib ki, Naftalanda rus mədəniyyətinə xüsusi diqqət göstərilməsi onda böyük təəssürat yaradıb. O, buna misal olaraq Naftalanda dahi rus şairi Mixail Lermontovun 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını göstərib.
Növbəti mərhələdə isə Yessentuki məktəblilərinin Naftalan şəhərinə səfərləri təşkil olunacaq.
Xatırladaq ki, Rusiya Federasiyasının Stavropol diyarı Azərbaycan ilə turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq ənənə halını alıb.