REGİONLAR


Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Naftalan, 14 iyul, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın sosial, iqtisadi və mədəni inkişafının nailiyyətlərini özündə əks etdirən digər şəhərlərimiz kimi, Naftalanda da geniş abadlıq-quruculuq, tikinti işləri davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 5 iyun 2018-ci il tarixli müvafiq Sərəncamı ilə şəhərdə məktəbəqədər tərbiyə müəssisələri infrastrukturunun genişləndirilməsi məqsədilə yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi aparılır.

Binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2018-ci ilin iyununda Prezident İlham Əliyev Naftalana səfər etdikdən sonra şəhər üzrə məktəbəqədər yaşlı uşaqların sayının çox, şəhərdə isə yalnız 280 uşağın məktəbəqədər təhsilə cəlb olunma imkanının olduğunu nəzərə alaraq, yeni 200 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə müvafiq Sərəncam imzalayıb.

Həmin Sərəncama əsasən ötən dövrdə Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçasının tikintisi işləri davam etdirilib. İkimərtəbəli körpələr evi-uşaq bağçasının beton işləri tam görülüb, xarici və daxili divarlar tam hörülüb. Binaya plastik pəncərələr quraşdırılıb, xarici və daxili fasadda suvaq işləri, eləcə də su-kanalizasiya, elektrik və istilik sistemlərinin çəkilişi işləri aparılıb, dam örtüyü vurulub.

Binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Həyətdə qazanxana, gözətçi məntəqəsi hörülüb, bağçanın hasarının özülü betonlanıb, mişar daşı ilə hörülüb və metal məhəccərlər quraşdırılıb.

Hazırda xarici kommunikasiya işləri yekunlaşmaq üzrədir. Həyətdə söhbətgahlar hazırlanır və abadlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.