REGİONLAR
Naftalanda yeni idman zalı istifadəyə verilib
Naftalan, 28 mart, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Kikboksinq” idman zalının açılışı olub.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, açılış mərasimində çıxış edən icra hakimiyyətinin məsul əməkdaşı Afət Mustafayeva Prezident İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, digər sahələrdə olduğu kimi, bu gün idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Dövlət tərəfindən idmanın kütləviliyinin təmin edilməsi ölkədə sağlam nəsil formalaşdırılmasının təminatıdır.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev çıxışında ölkədə və Naftalanda idmançılara göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, yeni idman zallarının istifadəyə verilməsi milli idman kadrlarının hazırlanmasında, yeniyetmə və gənclərin bədən-tərbiyəsi və idmanla mütəmadi məşğul olmalarında, asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Çıxış edən gənclər gələcəkdə uğurlu nəticələri ilə onlara göstərilən etimadı doğruldacaqlarını, Naftalanı respublika və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edəcəklərini bildiriblər.
Sonda idmançılar idman nömrələri nümayiş etdiriblər.