İDMAN
Nankin Olimpiadasında uğurla çıxış edən güləşçilərimiz mükafatlandırılıb
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov idmançıları və yığma komandanın məşqçilərini təbrik edib. O, ölkəmizdə idmanın inkişafı üçün dövlət səviyyəsində görülən mühüm işlərdən söhbət açıb. Ə.Cəfərov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla şəxsən maraqlandığını, onların fiziki hazırlığı, sosial vəziyyətinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxladığını bildirib.
Sonra qaliblərə AGF tərəfindən pul mükafatları təqdim edilib.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 iştirakçı ilə təmsil olunan güləşçilərimiz üç qızıl və iki gümüş medal qazanıblar. Qızıl medalları yığmamıza sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) qazandırıblar. Gümüş medallara isə qadın güləşçimiz Leyla Qurbanova (52 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) layiq görülüb.