REGİONLAR
“Narkoman” tamaşası Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı (SDDT) fevral ayında bir-birindən maraqlı, müxtəlif janrda səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Sumqayıt sakinlərinin mədəni istirahətini təmin edən teatr, Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında göstərildiyi kimi gənclərin sağlamlığının qorunması, möhkəmləndirilməsi, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya, alkoqolizm və digər neqativ halların azalması, aradan qaldırılmasına kömək məqsədilə, maarifləndirici “Narkoman” tamaşasını gənc və yeniyetmələrdən təşkil olunmuş auditoriyaya təqdim edib. Tamaşanın nümayişində məqsəd, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam gənc nəslin yetişdirilməsi, vətənpərvər, müasir Sumqayıt gəncliyinin formalaşdırılmasına nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar teatrın foyesində təşkil olunmuş “Narkotiksiz gənclik” adlı rəsm sərgisinə baxıblar.
Tamaşadan öncə Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Soltan Əsədov və digərləri narkomaniya əleyhinə keçirilən tədbirlərin vacibliyindən, narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələrindən, ondan qorunmağın yollarından, habelə bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyindən danışıblar. Natiqlər ölkədə aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artıdığını, gənclərin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli tədbirlərin icrasında teatrın rolunun əvəzsiz olduğunu qeyd ediblər.
Sonra Kamran Nəzirlinin “Narkoman” psixoloji dram əsasında səhnələşdirilən Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşaya baxılıb.
Səhnə əsərində rolları Əməkdar artistlər Növrəstə Həşimova, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, Mətləb Səfərli, Rövşad İlyasov, İlqar İbrahimov və Rövşən Əsgərov canlandırıb.