CƏMİYYƏT
Narkomaniyaya, dini radikalizmə və erkən nikahlara qarşı hamılıqla mübarizə aparılmalıdır
Bakı, 27 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbirlər respublikanın Tovuz və Şəmkir rayonlarında tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə keçirilib. Tədbirlərdə pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak ediblər.
Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxış edərək bu qəbildən hüquqpozmaların fəsadları barədə danışıb.
Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov və Şəmkir Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yaşar Hüseynov “Dini radikalizm nədir, onun zərərli təsirləri”, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, rayon icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinin müdirləri “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizmə və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi qeyd edilib. Bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifələrin və məsuliyyətin düşdüyü bildirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzularla bağlı videoçarx nümayiş etdirilib.