CƏMİYYƏT
Narkomaniyaya qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Baba Salayev bildirib ki, böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir və bu problemə qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Bu bəlanın əsasən gənclər arasında yayıldığına diqqəti çəkən Akademiya rəisi sözügedən problemin aradan qaldırılması üçün irimiqyaslı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, “ağ ölüm”ə qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri birgə mübarizə aparmaqla faciənin qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”, eyni zamanda, bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı” narkomaniyaya qarşı mübarizənin daim dövlətimizin başçısı tərəfindən diqqətdə saxlanıldığını göstərir. Son proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir və atılan addımlar davamlı xarakter daşıyır. Məqsəd ölkə əhalisinin, o cümlədən gənc nəslin sağlamlığının qorunması üçün ciddi təhlükə olan narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsidir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Müalicə-Profilaktika İşinin Təşkili şöbəsinin rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyev respublikada narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən danışıb.