CƏMİYYƏT
Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə tədbir təşkil edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Xəzər rayonunun 234 nömrəli tam orta məktəbində narkomanlıq probleminə dair şagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə işçi qrupunun və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları çıxış edərək narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumatlar veriblər.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.