CƏMİYYƏT
Narkomanlığa qarşı mübarizəyə dair növbəti maarifləndirmə tədbiri Qusarda təşkil olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakimiyyəti ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı noyabrın 20-də maarifləndirmə tədbiri təşkil edib.
Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə qrup rəhbərinin müavini, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insan sağlamlığına zərəri və törətdiyi sosial bəlalardan, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasının vacibliyindən söz açılıb. Eyni zamanda, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında tövsiyələr də diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin rayon komissiyasına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin olunub.