CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sabirabad sakini saxlanılıb
Bakı, 4 aprel, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qarağac kənd sakini Azər Hüseynov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib və oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 çətənə kolu aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.