CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində KİV tərəfindən görülən işlər müzakirə edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə cari ilin sentyabr-oktyabr ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Görüşdə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək bildirib ki, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problem olduğu nəzərə alınaraq, ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılıb. Belə ki, bu ilin on ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən müsbət nəticələr əldə olunub. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7484 cinayət faktı aşkarlanıb, qanunsuz dövriyyədən 5 ton 880 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək sistemli şəkildə müvafiq işlərin görülməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, "Xəzər TV MMC"-nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək narkomanlığa qarşı maarifləndirmə tədbirlərinə dair təşəbbüsləri dəstəkləyib, narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu fəsadların kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılmasının zəruriliyini vurğulayıblar.

Görüşün yekunu olaraq, aidiyyəti dövlət qurumları tərəfindən effektiv və təsirli sosial videoçarxların hazırlanması və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən müəllif yazılarının və video materialların hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə xüsusi verilişlərin təşkil olunmasına dair müvafiq tövsiyələr verilib və qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.