CƏMİYYƏT
Narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakini saxlanılıb VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Akif Məmmədov tutulub. Onun üzərində axtarış aparılan zaman 9,780 qram narkotik heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun yaşadığı evə də baxış keçirilib. Evdən yüksək təsiredici xassəyə malik 1 kiloqram 100 qram heroin və bir elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Akif Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.