CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 23 noyabr, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Səmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 53 qrama yaxın heroin, 52 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satan şəxs də müəyyən edilib. Görülmüş tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini H.Əliyev də saxlanılıb, ondan 50 qramdan artıq heroin götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.