CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 17 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onda heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin evindən 1 kiloqram 256 qram heroin aşkarlanıb.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağkəsəmən kənd sakini, əvvəllər məhkum olunmuş X.Böyükkişiyevin evindən 480 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.