CƏMİYYƏT
Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir
Bakı, 28 iyun, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əldə edilən məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Şabran şəhər sakini Telman Alışovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 15 çətənə kolu və 75 qram marixuana aşkarlayıblar. Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Kamil Qəndəliyevdən 4 qrama yaxın, evindən isə 485 qram marixuana götürüblər.
Masallı RPŞ-nin əməkdaşları Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 24 çətənə kolu, Oğuz RPŞ-nin əməkdaşları Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədovdan 12 qram, evindən isə əlavə 651 qram marixuana aşkarlayıblar.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Qrand kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 7 tona yaxın 14 min 210 çətənə kolu yığılaraq məhv edilib.