CƏMİYYƏT


Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir

Bakı, 30 iyun, AZƏRTAC

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması üzrə tədbirləri qətiyyətlə davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 29-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kiloqrama yaxın narkotik vasitə, xüsusi aqrotexniki qaydada yetişdirilmiş 130 ədəd narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb. Həmçinin yabanı halda bitmiş 13 tona yaxın çətənə kolları məhv edilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları şəhər sakini Səfər Mamedovun Şənlik kəndi ərazisindəki torpaq sahəsindən 9 kiloqram 515 qram marixuana götürüblər. Neftçala RPŞ-nin əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Vüqar Məmmədovdan 16 qram, həyətindən isə 950 qram marixuana aşkarlayıblar.

Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Bəhlul Cəbiyevdən 485 qram, Pyotr Briyukovdan isə 480 qram marixuana, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları Biləcəri qəsəbə sakini G.Adıgözəlovanın evindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 44 çətənə müəyyənləşdiriblər.

Xəzər RPİ-nin əməkdaşları Türkan qəsəbə sakini Zaur İbrahimovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 33 çətənə kolu, Astara RPŞ-nin əməkdaşları Şahağacı kəndi sakini, əvvəllər məhkum olunmuş Xosrov Rüstəmovun torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 çətənə kolu aşkar edərək götürüblər.

Göygöl RPŞ-nin əməkdaşları Sarısu kəndi ərazisindən yabanı halda bitmiş çəkisi 5,5 ton olan 1553 ədəd, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Ağstafa dəmir yolu stansiyanın ərazisində çəkisi 80 kiloqram olan 106 ədəd, Zaqatala RPŞ-nin əməkdaşları Yengiyan kəndi ərazisindən çəkisi 6 ton olan 12 min 901 ədəd çətənə kolu aşkarlayıblar.

Samux RPŞ-nin əməkdaşları Çobanabdallı kəndi ərazisindən çəkisi 600 kiloqram olan 3340 ədəd, Gədəbəy RPŞ-nin əməkdaşları Yeni Saratovka və Qoşabulaq kəndləri ərazisindən çəkisi 800 kiloqram olan 1600 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.