İQTİSADİYYAT
Natia Turnava: Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində lider ölkələrdən biridir
Tbilisi, 10 fevral, AZƏRTAC
Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində lider ölkələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Tbilisidə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Gürcüstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq olduqca yüksək səviyyədədir. Bu gün Gürcüstanda 700-dək Azərbaycan şirkəti fəaliyyət göstərir və həmin şirkətlər üçün çox yaxşı şərait yaradılıb.
N.Turnava qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüşdə bir sıra yeni layihələr və təşəbbüslər, o cümlədən dəmir yolu üzrə “Orta dəhliz”in inkişafı, energetika və logistika sahələrini də əhatə edən digər məsələlər müzakirə olunub: “Biz birgə səylərlə dəhlizin rəqabətliliyini artıra bilərik. Bu da hər iki ölkə üçün faydalı olacaq”.
Onun sözlərinə görə, bu görüş həm də, Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın işinə hazırlıq məqsədi daşıyır. Yaxın vaxtlarda Bakıda komissiyanın iclası keçiriləcək. İclasda hər iki tərəf üçün, eləcə də bütövlükdə regionla bağlı vacib məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Gürcüstan tərəfindən hökumətlərarası komissiyaya Baş Nazir Giorgi Qaxaria rəhbərlik edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi