REGİONLAR
Naxçıvan Atletika Federasiyasının idmançıları ölkəmizdə keçirilən yarışlarda 16 medal qazanıblar
Naxçıvan, 6 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğurlara görə mükafatlandırılıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi diqqət və qayğı sayəsində idmançılarımız daim uğurlu nəticələrə nail olur, Naxçıvan idmanını layiqincə təmsil edirlər. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər bu sahədə yeni-yeni uğurların əldə olunmasına imkan verib. Bu gün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb. Məktəblərdə 205 idman klubu yaradılıb. Həmin klubların məqsədi uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin olunmasına, istedadlı idmançıların üzə çıxarılmasına xidmət etməkdir. Qazanılan uğurlu nəticələr də muxtar respublikada mövcud olan müasir idman şəraitinin bəhrəsidir.
Diqqətə çatdırılıb ki, 6 ay ərzində federasiyanın idmançıları ölkəsəviyyəli yarışlarda 9-u qızıl, 3-ü gümüş, 4-ü isə bürünc olmaqla, 16 medal qazanıblar. Bunlardan 8-i iyun ayında əldə edilib. Bu, federasiya tarixində ən uğurlu nəticədir. Nailiyyətlərə görə məşqçilərə təşəkkür edən Rəhman Məmmədov deyib ki, qazanılan bu uğurlarla kifayətlənmək olmaz. İndi qarşıda keçiriləcək yarışlara, turnirlərə ciddi hazırlaşıb uğur qazanmaq və beynəlxalq turnirlərdə nəticələr əldə etmək lazımdır.
Federasiya sədri yaradılan şəraitə görə federasiyanın məşqçiləri və idmançıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov çıxış edib, məşqçi və idmançıların fikir və təklifləri dinlənilib.
Sonra ilin ilk 6 ayında uğur qazanan məşqçi və idmançılar mükafatlandırılıb. İdmançılardan Aysu Babayeva, Əmrah Nağıyev, Həsən Babayev, Zeynəb Babayeva, Zülfiyyə Süleymanova və Səkinə Əliyeva, məşqçilərdən isə Şəfi Hüseynov, Abbas Bağırov və Samil Hüseynov təltif olunublar. Federasiya sədri Rəhman Məmmədov onlara təşəkkürnamə və pul mükafatları təqdim edib.