SİYASƏT
“Naxçıvan Avtoservis” yenidən qurulub
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Muxtar respublikada insanların yaşayış səviyyəsinin yaxşılaşması tələbata uyğun yeni xidmət sahələrinin yaradılmasına və mövcud olanların fəaliyyətinin genişləndirilməsinə imkan verir. Bu sahədə görülən işlərin davamı olaraq “Naxçıvan Avtoservis” müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Avtoservis” müəssisəsində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, müəssisədə Almaniya, İtaliya və Türkiyə mənşəli müasir avadanlıqlar quraşdırılıb. Binada 4 iş otağı, hamam, yeməkxana, kafe, ehtiyat hissələrinin saxlanması üçün anbar və kompressor bölməsi vardır. Burada avtomobillərə texniki baxış, bütün növ mühərriklərin təmiri, şassilərin düzəldilməsi və tənzimlənməsi, elektrik sistemlərinin təmiri, boyama və cilalama, təkərlərin 3D ölçüdə tənzimlənməsi, mühərrik və sistem yağlarının dəyişdirilməsi, səyyari təmir, mühərriklərin yuyulması və kimyəvi təmizləmə xidmətləri göstərilir. Müəssisədə eyni vaxtda 25 avtomobilə xidmət göstərmək mümkündür. Həmçinin burada ehtiyat hissələrinin satışı da təşkil olunub.
Xidmət sahəsində 20 nəfər işlə təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, müşahidə kameraları quraşdırılıb, ağac və gül kolları əkilib, subartezian quyusu qazılıb və transformator yarımstansiyası qoyulub.
Ali Məclisin Sədri xidmət sahəsində keyfiyyətə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib, müəssisənin Şərur rayonunda filialının yaradılması, tələbata uyğun ehtiyat hissələrinin gətirilməsi və satışının həyata keçirilməsi, eləcə də mütəxəssis hazırlığı barədə tapşırıqlar verib.