REGİONLAR
Naxçıvan Dövlət Universiteti dünyanın nüfuzlu universitetləri sırasında yer alıb
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Böyük Britaniyanın “Times Higher Education” nəşri üzrə dünya universitetlərinin reytinqində yer alıb. 104 ölkə və region üzrə 1799 universitetin qatıldığı reytinq sıralamasında bu il 15,5 milyondan artıq tədqiqat nəşri üzrə 121 milyondan çox sitat təhlil edilib və dünya üzrə 40 min alimin sorğu cavabları daxil edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, reytinqin ilk 10-luğu dünyanın ən nüfuzlu universitetlərindən təşkil olunub. Sıralama cədvəlinin hazırlanmasında tədqiqat, idarəetmə, təbliğat və tədris olmaqla, 4 sahə üzrə universitetlərin göstəriciləri nəzərə alınıb. Reytinqin təyin edilməsində universitetlərin elm strategiyası, keyfiyyət göstəriciləri, beynəlxalq əlaqələri, əcnəbi tələbələrin sayı, alimlərin elmi nəşrləri əsas rol oynayıb.
“Times Higher Education” şirkəti dünyanın 93 ölkəsindən 2500 universitet ilə əməkdaşlıq edir və ali təhsil məkanında rəqabətliliyi formalaşdırır. Bu sistem üzərindən universitetlərin dünyada yeri, seçimi, keyfiyyəti və tanınması təmin olunur. Şirkətin sıralamasında yer alan universitetlərin diplomlarının xarici ölkələrdə tanınması prosesi avtomatlaşdırılır.
NDU-nun Elm və innovasiyalar bölməsinin müdiri, təhsilin idarəolunması, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru, Bələdiyyə və turizm kafedrasının dosenti Rza Məmmədov ABŞ-ın Nyu-York şəhərində “Times Higher Education” şirkətinin təşkilatçılığı və Nyu-York Universitetində keçirilən “Dünya akademik sammit”ində ali təhsil ocağını təmsil edib. Sammitə 75 ölkədən 400-dən çox universitet və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Tədbir ərəfəsində Rza Məmmədov “Times Higher Education” şirkətinin baş redaktoru Phill Baty ilə görüşüb. Qeyd olunub ki, bu gün dünya akademik sammitində müzakirə olunan mövzuların bir çoxu NDU-da artıq həyata keçirilməkdədir. Ali təhsil ocağında elmi dərəcəli kadrların yetişdirilməsində və sahibkar universitet olma yolunda aparılan fəaliyyət diqqətə çatdırılıb.
“Times Higher Education” şirkətinin birgə əməkdaşlığa hazır olduğunu qeyd edən Phill Baty universitetdə keyfiyyətin təşkili, beynəlmiləlləşmə, tədqiqat və doktorantura təhsili istiqamətlərində mübadilə və stratejik əməkdaşlığın hər iki qurum üçün faydalı olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, cari ilin iyun ayında NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edib. NDU Qafqaz regionundan bu sammitə qatılan ilk ali təhsil müəssisəsidir.