REGİONLAR
Naxçıvan Dövlət Universiteti magistratura təhsili sahəsində son 10 ilin ən yüksək nəticəsini əldə edib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) magistratura təhsilinə verilən xüsusi önəmin nəticəsidir ki, son illərdə bu sahədə möhkəm maddi-texniki baza formalaşdırılıb və hazırda magistraturada 45 ixtisas və 76 ixtisaslaşma üzrə qəbul aparılır. 2020-2021-ci ilin qəbulunda magistraturaya 248 plan yerinə qarşı 208 nəfər qəbul olunub ki, bu da son 10 ilin ən yüksək nəticəsi hesab olunur.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin Magistratura mərkəzində “Müasir mərhələdə magistr hazırlığı: Prioritetlər, hədəflər” mövzusunda keçirilən seminarda bu faktları ali təhsil ocağının rektoru Elbrus İsayev söyləyib. Dissertasiyalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsinin önəminə diqqət çəkən rektor seçilən mövzuların doğma yurdun tarixini, mədəniyyətini, incəsənətini əks etdirməsinin əsas meyarlarından biri olduğunu bildirib.
Magistratura mərkəzinin direktoru Etibar Məmmədov “Magistr hazırlığı və günün tələbləri” mövzusunda çıxış edərək vurğulayıb ki, magistratura ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksək ixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Bildirib ki, ali təhsil ocağında şöbə kimi fəaliyyətə başlayan magistraturaya ilk qəbul 1997-ci ildə aparılıb və 7 ixtisaslaşma üzrə 27 nəfər magistraturaya qəbul olunub. İki ildir ki, magistraturaya qəbul bir mərhələdə həyata keçirilir, bununla da bura qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olmaq imkanları təmin edilir.
Mərkəzin direktoru qeyd edib ki, bu il fevral ayında keçirilən qəbulun nəticələrinə görə təkcə bakalavr mərhələsinin bu il bitirəcək məzunların 154 nəfəri müsabiqə şərtlərini ödəyib. İyun ayında təkrar qəbulun da aparılacağını, eləcə də əvvəlki illərdə məzun olmuş bakalavrların da qəbulda iştirakını nəzərə alsaq, bu il universitet üzrə magistratura səviyyəsinə qəbulda yüksək nəticə olacağını proqnozlaşdırmaq mümkündür.
Ali təhsil ocağının Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Arif Ağalarov “Magistr təhsilinə marağın artırılması yolları” mövzusunda çıxışında diqqətə çatdırıb ki, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir.
Sonda NDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə II kurs magistrant Aysu Cavadlının “Magistratura təhsilində qazandığımız təcrübələr və perspektivlər”, İngilis dili ixtisaslaşması üzrə I kurs magistrant Lalə Rzayevanın isə “Magistratura təhsilinin gələcək karyeramıza təsiri” mövzuları üzrə çıxışları dinlənilib.