REGİONLAR
Naxçıvan Dövlət Universitetində Milli Teatr Günü qeyd olunub
Naxçıvan, 9 mart, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər görülüb.
Naxçıvan Dövlət Universitetinin (NDU) Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə ali təhsil ocağının incəsənət fakültəsində 10 Mart – Milli Teatr Gününə həsr olunmuş elmi-nəzəri konfransda danışılıb.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.
Naxçıvan teatrının tarixi inkişaf yolundan danışan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov deyib ki, muxtar respublikanın mədəni həyatında mühüm rol oynayan teatrlarımız dövlət qayğısı ilə əhatə olunub, qədim diyarda teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu gün muxtar respublikada Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə yanaşı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, xalq teatrları, NDU-nun tələbə teatr studiyası fəaliyyət göstərir.
Vurğulanıb ki, universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının nəzdində fəaliyyət göstərən, 1998-ci ildə ictimai əsaslarla yaranan tələbə teatrı Naxçıvan teatrı üçün ixtisaslı kadrların hazırlanması baxımından mühüm rol oynayır.
NDU-nun Aktyor sənəti ixtisasının IV kurs tələbəsi Vəfa Qurbanzadə çıxışında qeyd edib ki, son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra dövlət sənədləri qəbul edilib. Ötən günlərdə Prezidentin incəsənət xadimləri ilə görüşü, ölkəmizdəki teatrların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Sərəncam imzalaması teatr və kino sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonda aktyor sənəti ixtisasının IV tələbələrinin təqdimatında “Əli və Nino” tamaşasından bir səhnə nümayiş olunub.