REGİONLAR
Naxçıvan Dövlət Universitetində müsabiqə qalibləri mükafatlandırılıb
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Ən yaxşı tələbə dialektoloji tədqiqatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan dialektinin Azərbaycan dilinin qədim xüsusiyyətlərini qoruyub saxlayan ən zəngin mənbələrdən biri olduğunu bildirib. Qeyd edib ki, Naxçıvan dialekt və şivələri xalqımızın mədəni keçmişini, dilimizin tarixini, dil əlaqələrini öyrənmək baxımından önəmli bir qaynaqdır.
Sonra tələbələrin tədqiqat işləri videoslaydlarla təqdim olunub.
Mükafatlandırma mərasimində I, II və III yerlərin qaliblərinə diplomlar və hədiyyələr, fərqlənən iştirakçılara isə kitablar və fəxri fərmanlar verilib.
NDU-nun Azərbaycan dilçiliyi kafedrası tərəfindən təşkil olunan müsabiqə sentyabr ayından başlanıb. Üç mərhələdə aparılan müsabiqədə təqdim olunan 25 tədqiqat işi kafedranın nəzdində yaradılan xüsusi komissiya tərəfindən qiymətləndirilib.