REGİONLAR
Naxçıvan Dövlət Universitetində startap layihələrin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib
Naxçıvan, 26 aprel, AZƏRTAC
İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, gənclərin innovativ ideyalarının dəstəklənməsi kadr hazırlığına müasir yanaşmanı və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə səsləndirilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının və bu il aprelin 15-də keçirilən müşavirədə verilmiş tapşırıqların icrası çərçivəsində təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun bir qrup müəllim və tələbəsinin iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə startap layihələrin hazırlanması və qiymətləndirilməsi məqsədilə görülən işlərdən danışıb.
Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxışında qeyd edib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə həmin ildən etibarən NDU-nun Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, Kitabxanaçılıq və informasiya ixtisaslarının, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin müvafiq ixtisaslarının tələbələri üçün kollektiv görüşlər, açıq dərslər, dəyirmi masalar, kitab müzakirələri, mühazirələr, ustad dərsləri, konfranslar, tarixi abidələrə ekskursiyalar təşkil olunub, filmlər nümayiş etdirilib. Adıçəkilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq nazirliyin tərkibində ekspert qrupu yaradılıb, müxtəlif fənlər üzrə mütəxəssislər dəvət edilib. Yeni sərəncama əsasən 21 ixtisas nazirliyin hamiliyinə verilib.
Çıxışda hamiliyə verilmiş ixtisaslar başda olmaqla, universitetin hər bir yaradıcı gəncini əhatə edən layihədə innovativ ideyaların qiymətləndiriləcəyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, tələbələr üçün ustad dərslərinin davam etdirilməsi, aktyorluq ixtisası üzrə təhsil alan tələbələrin qrafik üzrə muxtar respublikada fəaliyyət göstərən teatrların məşqlərində iştirakına nail olunması nəzərdə tutulub. Həmçinin Naxçıvan Dövlət Film Fondunda filmlərə baxışların, müsabiqələrin keçirilməsi, tələbə teatr tamaşalarının, bir çox mövzulara həsr olunmuş sosialyönümlü videoçarxların hazırlanması, kitabxanaçılıq və informasiya ixtisasında təhsil alan tələbələrlə kitabxana işçilərinin təcrübələrinin bölüşdürülməsi də diqqətdə saxlanılacaq.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Naxçıvan Müəllimlər İnstitutunda kitabxanaçı kadrların hazırlanmasında yeni mərhələ: “Startap Naxçıvan”ın faydaları” adlı çıxışında startap hərəkatının artıq geniş vüsət aldığını qeyd edib. Bildirilib ki, institutda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılıb. Burada tələbələrin startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsi laboratoriyanın iş prinsipinə daxildir.
Diqqətə çatdırılıb ki, ali təhsil ocağının internet saytında startap layihələrin qəbulu ilə bağlı yaradılan “İdeya bankı”na innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilər.
Sonda müzakirələr aparılıb, təkliflər dəyərləndirilib.