REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri “Xəmsə” Milli İntellektual Oyunun qalibi olublar
Naxçıvan, 6 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi ilə 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qızlar arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, oyun yarımfinal və final mərhələsindən ibarət olmaqla, 8 komandanın iştirakı ilə baş tutub. Hər mərhələdə ən yüksək xal yığaraq birinci və ikinci yerlərə çıxmış komandalar finala vəsiqə qazanıblar.
Yekun nəticələrə əsasən 3 komanda ilə yarışa qatılan Naxçıvan Dövlət Universiteti oyunun qalibi olub. Naxçıvan Musiqi Kollecinin komandası II, universitetin digər komandası isə III yerə çıxıb.
Qalib gələn komandalara qiymətli hədiyyələr təqdim olunub.