REGİONLAR
Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab rayon Heydər Əliyev Mərkəzi arasında onlayn tədbir təşkil edilib
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab rayon Heydər Əliyev Mərkəzi arasında onlayn tədbir təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlayn tədbirdə çıxış edən Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova muzeyin yaranma tarixindən danışıb. Qeyd edib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinin 1998-ci il 15 yanvar tarixli Qərarı ilə yaradılıb. Həmin il yanvarın 26-da 387 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-ə yaxın eksponat mühafizə olunur ki, bunun da əsas hissəsini Naxçıvan qrupu xalçaları təşkil edir. Ülviyyə Məmmədova Naxçıvan qrupu xalçalarının yaranma tarixindən, bədii tərtibatından, özünəməxsus xarakter və keyfiyyətindən ətraflı söz açıb.
Diqqətə çatdırılıb ki, 2010-cu ildə xalça sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd olunur.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunələridir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası və Zərdab rayon Heydər Əliyev Mərkəzi ilə onlayn tanış olublar.