REGİONLAR
Naxçıvan Dövlət Xalça Muzeyinə onlayn ekskursiya
Naxçıvan, 19 may, AZƏRTAC
Naxçıvan Dövlət Xalça Muzeyinə onlayn ekskursiya təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Onlayn ekskursiya zamanı bələdçi əvvəlcə muzey haqqında məlumat verib. Qeyd edib ki, milli dəyərlərimizin təbliğinə xidmət edən bu muzey 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Xan Sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən yeni binaya köçürülüb. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində 4000-ə yaxın eksponat vardır ki, onlardan 396-sı ekspozisiya zalında nümayiş etdirilir. 2013-cü ildə muzey yenidən qurulduqdan sonra ekspozisiyada yalnız Naxçıvan xalçaçılıq məktəbinə aid xalçalar nümayiş etdirilir.
Qeyd edək ki, Xalça muzeyinə internet üzərindən virtual səyahət etmək də mümkündür.