REGİONLAR
Naxçıvan: İstehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təminatı diqqət mərkəzindədir
Naxçıvan, 11 noyabr, AZƏRTAC
Muxtar respublikada istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Qış mövsümünə hazırlıqla bağlı “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin xidmətə nəzarət daha da gücləndirilib.
“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qaz istismarı idarələrinin xidməti ərazilərində – rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qaz xətləri və xətlər üzərində quraşdırılmış tənzimləyici şkaflar, siyirtmələr təftiş edilib, korroziyaya uğramış borular dəyişdirilib. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılır, aşkarlanan sızmalar texniki-təhlükəsizlik qaydalarına uyğun aradan qaldırılır. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq, qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb. Birliyin mütəxəssisləri tərəfindən sosial obyektlərin, idarə və təşkilatların, yaşayış binalarının qazanxanalarına texniki baxış keçirilən zaman mövcud problemlər araşdırılıb, nöqsanlar aradan qaldırılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyi və onun yerli idarələri qaz itkisinə səbəb olacaq nöqsanları aradan qaldırmaq məqsədilə bu sahəni tam nəzarətə götürüb. Birliyin 104 nömrəli “qaynar xətt”i fəaliyyət göstərir. Gün ərzində həmin “qaynar xətt”ə müxtəlif xarakterli çağırışlar daxil olur. Çağırışlar daxil olan anda birliyin qəza-dispetçer xidmətinin əməkdaşları hadisə yerinə gedir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və keyfiyyətli təbii qazın nəqli bərpa olunur. “Naxçıvanqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə, yəni 2005-ci ilin payızından 2016-cı il 1 noyabr tarixinədək aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublika üzrə təbii qazdan 84 min 873 əhali abonentinin, 2 min 23 qeyri-əhali abonentinin istifadə etməsi təmin olunub.
Həyata keçirilən tədbirlər payız-qış mövsümündə əhalinin dayanıqlı və təhlükəsiz “mavi yanacaq”la təmin olunmasına imkan verir.