REGİONLAR
Naxçıvan Müəllimlər İnstitutunda yeni STEAM kabinəsi istifadəyə verilib
Naxçıvan, 30 aprel, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutunda yeni STEAM kabinəsi istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Azad Novruzov STEAM dərs modeli haqqında məlumat verib.
AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rektor çıxışında Naxçıvan Müəllimlər İnstitutunda STEAM kabinəsinin yaradılmasının müəllim hazırlığını həyata keçirən ali məktəb üçün çox əhəmiyyətli olduğunu, gələcəyin müəllimləri olan tələbələr, eləcə də ixtisasartırma və təkmilləşdirmə kursuna cəlb olunan müəllimlərin bu kabinənin imkanlarından istifadə edəcəklərini deyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanıldığını deyən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ötən müddət ərzində 15 məktəb və məktəbdənkənar tərbiyə müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılıb. Əlavə olaraq 38 məktəbdə kabinələrin yaradılmasına başlanılıb.
“Bu günədək 80 müəllim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimlərinə cəlb edilib. STEAM Tədris Mərkəzində 30 tələbəyə yeni təlim metodunun öyrədilməsi məqsədilə seminar keçirilib”, - deyən təhsil naziri bildirib ki, Naxçıvan Müəllimlər institutundakı STEAM kabinəsi tələbələrdə STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikası, mikrobit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi kimi istiqamətlərdə praktik bilik və bacarıqlar formalaşdıracaq.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Müəllimlər İnstitutuna STEAM dərslərinin tədrisi üçün metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib, STEAM dərs modeli, onun mahiyyəti və gələcək perspektivləri barədə məlumat verilib.
Sonda iştirakçılar müəllim və tələbələrin STEAM kabinəsində hazırladıqları modellərlə tanış olublar.