REGİONLAR
Naxçıvan Qarnizonu Qoşunlarında Gənclər Günü ilə bağlı silsilə tədbirlər keçirilib VİDEO
Naxçıvan, 2 fevral, AZƏRTAC
Naxçıvan Qarnizonu Qoşunlarında 2 Fevral - Gənclər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov, Vətən müharibəsinin iştirakçısı, əsgər Coşqun Məhərrəmov və digər çıxış edənlər əsgərlərimizin timsalında bütün gəncləri əlamətdar gün münasibətilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyi ölkəmizin bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət bunu bir daha təsdiqləyir.
Tədbirdə vətənpərvərlik ruhunda və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.