REGİONLAR
“Naxçıvan” Universitetinin əməkdaşları Babək rayonunun şagirdləri ilə görüşüblər
Naxçıvan, 18 may, AZƏRTAC
“Naxçıvan” Universitetinin əməkdaşları Babək rayonunun şagirdləri ilə görüş keçiriblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətindən danışıb. O, “Naxçıvan” Universitetinin əməkdaşlarına belə görüşlərdə fəal iştirakına görə minnətdarlıq edib, şagirdlərə ali təhsil müəssisələrində seçim edərkən perspektivlərlə yanaşı, öz arzularını da nəzərə almağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
“Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli çıxışında bildirib ki, ali təhsil ocağı 1999-cu ildə dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Burada tələbələrin təhsili ilə 90-a yaxın professor-müəllim heyəti məşğul olur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. 2021-2022-ci tədris ilində universitetdə 19 ixtisas üzrə bakalavr, 8 ixtisas üzrə magistr hazırlığı aparılması nəzərdə tutulub.
Qeyd olunub ki, ali təhsil ocağı zəngin maddi-texniki bazaya malikdir. Tələbələrin peşəkar kadr kimi yetişməsi üçün elektron zallar, zəngin kitab fondu olan elmi kitabxana, idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. Universitet dünyanın 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bir çox beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramların və layihələrin iştirakçısı olan təhsil müəssisəsi məzunlarına geniş iş imkanları yaradır.
Tədbirdə universitet haqqında videoçarx nümayiş etdirilib, broşürlər paylanılıb. Şagirdlərin sualları cavablandırıldıqdan sonra fəallığı ilə seçilənlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, belə tədbirlərin Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında keçirilməsi nəzərdə tutulur.