İQTİSADİYYAT
Naxçıvan avtomobil zavodu ildə 5 min avtomobil istehsal edir VİDEO
Bakı, 24 dekabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında yeni istehsal müəssisələrindən biri də Naxçıvan avtomobil zavodudur.
Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Müəssisədə həm mexaniki, həm də sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.
AZƏRTAC xəbər verir ki, 2010-cu ilin yanvarında fəaliyyətə başlayan zavodun illik istehsal gücü 5 min minik avtomobilidir. Burada avtomobillərə satışdan sonra da yüksək texniki xidmət göstərilir. Almaniya, İtaliya və Belçika istehsalı olan ən müasir avadanlıqların quraşdırıldığı zavodda “NAZ Lifan - 320”, “NAZ Lifan - 520”, “NAZ Lifan-620”, “NAZ Lifan X-60” , “NAZ Lifan - 7130”, “NAZ Lifan - 7160”, “NAZ Lifan - 7162”, “Lifan SUV” modelli minik avtomobilləri, eləcə də mikroavtobuslar və “NAZ Lifan” markalı taksilər də istehsal olunur.
Zavodun ümumi sahəsi 2,6 hektar təşkil edir.
Zavodun 2 min 472 kvadratmetr sahəsində istehsal sexi, 720 kvadratmetr sahəsində anbar, 2 min 538 kvadratmetr sahəsində dayanacaq meydanı yerləşir. Bundan əlavə, zavoda 500 kvadratmetr sahəni əhatə edən sınaq meydançası və 450 kvadratmetrlik sərgi salonu daxildir. Müəssisədə 50 nəfərdən çox yerli işçi çalışır. İstehsal çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.