REGİONLAR
“Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiyanın təqdimatı olub
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiyasının təqdimatı olub.
Naxçıvan Bölməsinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev monoqrafiyanın əhəmiyyətini qeyd edib. Akademik bildirib ki, bir çox elmi, bədii və tərcümə əsərlərinin müəllifi olan gənc tədqiqatçı Nərgiz İsmayılovanın Türkiyədə çapdan çıxmış sözügedən monoqrafiyası çoxəsrlik ənənələrə malik Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin tədqiqinə həsr olunmuş ilk sistemli tədqiqat əsəridir. Giriş və 3 fəsli əhatə edən vəsaitdə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadə meyilləri, XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrinə münasibət, həmçinin XX əsrdə və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadənin yeri və əhəmiyyəti araşdırılıb. İlk dəfə Naxçıvanlı sənətkarların yaradıcılığında yer alan bədii tərcümə məsələləri elmi tədqiqata cəlb edilib.
İsmayıl Hacıyev müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayaraq qeyd edib ki, gənc tədqiqatçı bu cür sanballı əsərləri ilə gələcəkdə filologiya elmimizi daha da zənginləşdirəcək.
Daha sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bölmədə elmi işçilərə yaradılan münbit şərait nəticəsində dəyərli monoqrafiyaların, kitabların və elmi məqalələrin işıq üzü gördüyünü deyib. Alim vəsaitin elmi redaktoru və “Ön söz”ünün müəllifi, AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəylinin qeydlərini diqqətə çatdırıb: “Nərgiz İsmayılova haqlı olaraq hesab edir ki, Naxçıvan ədəbi mühitində XX əsrin əvvəllərində Avropa ədəbiyyatı ilə səsləşən ideyalar, süjetlər, obrazlar və janrlar milli ədəbiyyatımızın özünüifadə forması kimi inkişaf edib. Monoqrafiyada ayrı-ayrı yazıçıların əsərlərinin təhlili əsasında Şərq və Qərb meyillərindən milli özünəməxsusluğa keçid proseslərinin reallıqları tədqiq edilib və mühüm elmi nəticələrə gəlinib”.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ədəbi mühitinin Şərq və Qərb kontekstində tədqiqinə töhfə” mövzusunda məruzəsi dinlənilib.
Təqdimatda institutun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev mövzu ətrafında çıxış edib. Qeyd olunub ki, qədim dövr Naxçıvan ədəbi mühitinə dair qiymətli əsərdə Nərgiz İsmayılova o dövr Naxçıvan ədəbi mühitinin tarixini, onu yaradan şəxsiyyətlərin bu mədəniyyətin inkişafındakı rolunu faktlarla təqdim edib, qədim mənbələrə müraciət etməklə monoqrafiyada xeyli yeni elmi fikirlərini ictimaiyyətə çatdırıb. O, Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Sadiq bəy Ordubadi, Nemətullah Naxçıvani, Fəxrəddin Hinduşah Naxçıvani kimi müəlliflərin nəinki Naxçıvan, eləcə də Azərbaycan ədəbi-bədii mühitinin, Şərq və Qərbə təsirinə dair müstəqil fikirlərini irəli sürüb. Əziz Şərif, İsa Həbibbəyli kimi müasir elm korifeylərinin də bu istiqamətli əsərləri araşdırılmaqla bərabər XIX əsrin ədəbi-mədəni mühitində Qonçabəyimin yaradıcılığı əhatəli təhlil olunub, nümunələr verilib və bu mədəniyyətin xalqımıza mənsubluğu göstərilən elmi və bədii yaradıcılıq faktları qeyd olunub. Tədqiqatçı XX əsr Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələri, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi yaradıcılığında özünəməxsusluq, milli dəyərləri təhlil etməklə, onların yaradıcılığındakı realizm, romantizm və bu kimi amilləri müqayisəli araşdırıb.
Sonda monoqrafiyanın müəllifi Nərgiz İsmayılova çıxış edərək gənc alimlərə yaradılan şəraitə görə minnətdarlığını bildirib.