REGİONLAR
Naxçıvan: ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 15 min 395 tona çatdırılıb
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Sahibkarlığın inkişafına göstərilən dəstək, verilən güzəştli kreditlər və şəxsi vəsaitlər hesabına Naxçıvan Muxtar Respublikasında soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 15 min 395 tona çatdırılıb.
Əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə məhsullar soyuducu аnbаrlаrа tədarük edilib. İyunun 1-dən noyabrın 28-dək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş 4224,07 ton məhsul tədarük olunub. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 1446,26 tonunun satışı həyata keçirilib.
Ümumilikdə 2000-ci ildən 2016-cı ilin ötən dövrünədək muxtar respublikanın Sahibkarlığa Kömək Fondu tərəfindən 11 layihənin maliyyələşdirilməsinə 4 milyon 297 min 840 manat dövlət maliyyə dəstəyi göstərilib. Fondun güzəştli kreditləri hesabına bu layihələrin reallaşdırılması yeni iş yerlərinin açılmasına imkan yaradıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu